Şirkətin aylıq xərclərinin və gəlirlərinin nə qədər olduğunu necə bilmək olar?

 Sahibkarlıq fəaliyyətinin istənilən vaxtında, yəni yarandığı gündən onun gəlirlərinin və xərclərinin uçotunun aparılması mütləqdir. Bu işi özünüz, mühasibiniz, ya da autsors olaraq konsaltinq xidmətləri göstərən şəxslərə həvalə edə bilərsiniz.

Gəlir və xərclərin uçotu dedikdə, sadə şəkildə izah etsək, yəni hər gün nə qədər pul haradan gəldi, nə qədər pul hara, nə üçün xərcləndi və sair nəzərdə tutulur. Uçotu sadə formada dəftərinizdə, yaxud professional proqramlarda apara bilərsiniz. Hər gün bu uçotu aparsanız, ayın sonunda, yaxud rübün, ilin sonunda Siz düzgün rəqəmləri görə biləcəksiniz. Gəlir və xərcin uçotu sayəsində Siz həm də zərərdə, yaxud mənfəətdə olduğunuzu biləcəksiniz. Bundan başqa hansı satışdan daha çox qazandığınızı, hansı yerlərə daha çox xərclədiyinizi görərək, onlar barəsində düzgün qərar verə biləcəksiniz. 

Şirkətin aylıq debitor və kreditor borclarını necə bilmək olar?

Şirkətin debitor və kreditor borclarının aylıq uçotunun aparılması çox vacib məsələlərdən biridir. Çünki şirkətin maliyyə vəziyyətini bilmək üçün debitor və kreditor borclara nəzarət etmək lazımdır.

Əmək haqqından tutulmalar nə qədərdir?

İşçilərin aylıq əmək haqqısı gross və net olaraq iki hissədən ibarətdir. Gross hesablanmış əmək haqqına deyilir. Net isə işçiyə çatacaq əmək haqqına deyilir. Hesablanmış əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna ayrılmış tutulmalar çıxılır.

Aylıq, rüblük, illik hesabatların vaxtında göndərildiyini necə bilmək olar?

Hər bir müəssisənin göstərdiyi fəaliyyət növünə görə Dövlət Vergi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Statistika İdarəsinə müvafiq hesabatlar göndərmək vəzifəsi vardır. Hesabatlar müxtəlifdir və onların vaxtı da ayrı-ayrıdır. Misal olaraq aşağıdakı hesabatları və onların təqdim edilmə vaxtlarını qeyd edə bilərik.

  • Sadələşdirilmiş vergi bəyannaməsi - hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-nə qədər (yanvarın 20-nə, aprelin 20-nə, iyulun 20-nə, oktyabrın 20-nə qədər);
  • ƏDV bəyannaməsi - hər ay başa çatdıqdan sonra növbəti ayın 20-nə qədər;
  • Gəlir və ya mənfəətə dair cari vergi arayışı - hər rüb başa çatdıqdan sonra növbəti ayın 15-nə qədər;
  • Vahid muzdlu hesabatı -  hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-nə qədər (yanvarın 20-nə, aprelin 20-nə, iyulun 20-nə, oktyabrın 20-nə qədər)...

Təqdim edilməli olan hesabatlar dövlət tərəfindən təyin edilmiş vaxtda göndərilməzsə, o zaman sahibkar hər təqdim edilməmiş hesabata görə azı 40 manat məbləğində cərimə ödəməli olacaqdır. Buna görə də hesabatların vaxtında göndərilməsi vacib məsələlərdən biridir.

Əgər Siz mühasibinizin və ya mühasibatlıq işinizi aparan digər şəxslərin Sizə aid olan hesabatları göndərib-göndərmədiyini dəqiqləşdirmək istəyirsinizsə, bunun üçün Dövlət Vergi Xidmətinə yaxınlaşa bilərsiniz, yaxud da onlayn kargüzarlıq kabineti vasitəsilə Dövlət Vergi Xidmətinə məktub yazıb, məlumat ala bilərsiniz.

Müəssisənin illik mənfəəti nə qədər olub?

Müəssisə fəaliyyətə başlayarkən ilk və əsas hədəfi mənfəət qazanmaqdır. Bunu bilmək üçün də mühasibatlıqda mənfəət və zərər hesabatı hazırlanır. Həmin hesabatda müəssisənin cari dövr ərzində mənfəəti və ya zərəri dəqiqliklə əks etdirilir. İllik mənfəətin məbləğini dəqiq söyləmək üçün ilk əvvəl gəlirlərin və xərclərin uçotu aparılmalıdır. Eyni zamanda mühasibatlıqda zəruri olan digər uçotlar aparılaraq, yekunda həmin hesablamalar nəticəsində mənfəətin nə qədər olduğunu bilmək olar.