Siz məhkəmə prosesinin uğurlu olmasına zəmanət verirsinizmi?

Xeyr, işin nəticəsi barədə öncədən vəd vermək qanunla qadağandır. Əgər hər hansı bir vəkil və ya hüquqşünas, yaxud məhkəmə işçisi Sizə öncədən işin necə nəticələnəcəyi barədə vəd verirsə, əmin ola bilərsiniz ki, o qanunu heçə sayır və Sizi aldadır.  

İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Məhkəmənin qərarını heç kim öncədən deyə bilməz, ancaq hakim müşavirə otağından çıxdıqda bilinir. Hətta müşavirə otağına gedənə qədər hakim nə qərar qəbul ediləcəyini bilmir. Doğrudur, hakim əvvəlcədən nəticəni (nə qərar verəcəyini) təxmin edə bilər, amma işin gedişi zamanı elə faktlar və sübutlar ortaya çıxa bilər ki, son anda qərarın məğzi tamamilə dəyişər.

Dövlət orqanından müraciətimizə cavabı hansı müddətə ala bilərik?

“Vətəndaşların müraciətləri haqqında” qanuna əsasən vətəndaş müraciətinə 15 iş günü ərzində baxılır. Əgər əlavə araşdırma lazım olarsa, bu 30 iş gününə qədər çəkə bilər.

Dövlət orqanı qərar qəbul edibsə, bu sondurmu?

Xeyr, Siz müvafiq qaydada inzibati məhkəməyə müraciət edərək dövlət orqanının hərəkət və hərəkətsizliyi barəsində iddia qaldıra və məhkəmə qərarı əsasında həmin dövlət orqanının qərarını dəyişdirə, yaxud da ləğv etdirə bilərsiniz.

Mən evimdə qeydiyyatda olan, lakin faktiki olaraq həmin ünvanda yaşamayan şəxsi qeydiyyatdan çıxarmaq istəyirəm. Qarşı tərəf kompensasiya tələb edə bilər mi?

Əgər qeydiyyatdan çıxarmaq istədiyiniz şəxs Sizin ailə üzvünüzdürsə, o zaman kompensasiya ödəməyə məcbur qala bilərsiniz. Yox, əgər qeydiyyatdan çıxarmaq istədiyiniz şəxs kənar şəxsdirsə (misal üçün: evi almısınız, amma evdə qeydiyyatda olan şəxslər könüllü şəkildə qeydiyyatdan çıxmırlar), o zaman Siz kompensasiya ödəmək məcburiyyətində deyilsiniz. Qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyiniz lazımdır.

Birinci instansiya məhkəməsi 3 ay əvvəl baş tutub və mənim əleyhimə qətnamə qəbul edilib. Mən yenidən məhkəməyə müraciət edə bilərəmmi?

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni iddia tələbi üzrə, eyni tərəflər arasında baş tutmuş məhkəmə işinə görə əgər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, barışıq sazişi və ya xitam edilməsi barədə qərardad varsa, o zaman yenidən məhkəməyə müraciət edə bilmərsiniz.

Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qaldığınız təqdirdə, həmin qətnaməyə baxılması üçün Siz yuxarı instansiya məhkəməsinə, yəni apellyasiya məhkəməsinə şikayət edə bilərsiniz. Bu zaman müddət məsələsinə diqqət yetirməlisiniz. Ona görə ki,  apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə 3 ay əvvəl çıxarılsa da, əgər siz həmin qətnaməni 3 gün bundan öncə əldə etmisinizsə, deməli şikayət etmək üçün Sizin hələ 27 gününüz var.